12 dekabr – Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günüdür.
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması, öz arxalarınca apara bilmək qabiliyyəti və s. kimi siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.