В данной статье рассматривается история внедрения договора лизинга в Азербайджанское законодательство, а также некоторые практические моменты ее становления. Проводиться сравнительный анализ действующего законодательства с предыдущим, регулирующим порядок заключения и исполнения данного договора и рассматривающего его как особый вид услуг. В статье также отмечено, что на практике предпринимались ошибочные попытки подогнать лизинг под договор кредитования, что не отвечает ее правовой природе. По данному вопросу анализируется соответствующее Постановление Конституционного Суда Азербайджанской Республики. В статье проводиться классификация форм договора лизинга и раскрывается ее содержание со ссылкой на законодательство, юридическую литературу, а также судебную практику.
Müəllif :
Шафа Гулиева - Диссертант кафедры международного частного права и европейского права Бакинского государственного университета
Nəşr tarixi : 2021
Kapitalist iqtisadi sistemin ən əsas tələblərindən biri, güclü mülkiyyət hüquqları sistemidir. Mülkiyyət hüquqlarının tərifi, bölüşdürülməsi və qorunması hər bir cəmiyyətin həll etməli olduğu ən vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalara söykənərək, Azərbaycanda mülkiyyət və mənzil hüquqlarını təmin edir. Xüsusi mülkiyyət hüququ, hüquqların hər hansı bir hissəsini sahibinin müəyyən etdiyi qiymətə dəyişdirmək və ya hədiyyə etmək yolu ilə həvalə etmək, icarəyə götürmək və ya satmaq hüququnu əhatə edir. Məqalədə, orijinal konstitusiya mülkiyyəti bəndinin hazırlanmasından və qanunvericilik və konstitusiya təkamülündən soz açılır və göründüyü kimi, Azərbaycanın iqtisadi inkişaf və sosial bölgü hədəflərinə çatmaq üçün cəmiyyətdəki mülkiyyət münasibətlərini yenidən formalaşdırmağa onu daha mütərəqqi etməyə ehtiyac vardır. Bu məqalənin əsas məqsədi mülkiyyət hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik bazasının izahını verməkdir. Gəldiyimiz nəticə odur ki, konstitusiyanın mülkiyyət hüquqlarına aid bir sıra hissələrində məzmunla bağlı dəyişikliklər olmalıdır. Bu analizin jurnalistlər, media işçiləri, vətəndaşlar və hüquqşünaslar, habelə mülkiyyət hüquqları ilə əlaqəli hüquqi məsələlərlə maraqlanan vətəndaş cəmiyyəti və hökumət rəsmiləri üçün faydalı olması nəzərdə tutulur.
Müəllif :
h.ü.f.d. Səftər Rəhimli
Nəşr tarixi : 2021
Məqalədə qədim Yunanıstanda müqavilə münasibətlərinin və hüququnun formalaşmasının tarixi, sosial-iqtisadi və hüquqi əsasları, şərtləri, mahiyyəti, öz dövrünə və yerinə görə xarakterik xüsusiyyətləri, sonrakı mərhələdə dünyanın (xüsusilə, qədim Romanın) hüquq düşüncənin və qanunvericiliyin inkişafına təsiri, həmçinin, burada müqavilə sahəsində mövcud olmuş əsas müddəa, norma, institut və formaların məzmunu və meydana gəlmə səbəbləri və tətbiqi təcrübəsi təhlil edilir. Mövzunun araşdırılması üçün müəllif xronoloji ardıcıllığa uyğun olaraq, qədim yunan şəhər-dövlətlərinin (xüsusilə, Afinanın) tarixi-coğrafi, sosial-iqtisadi, dövlət quruluşu, siyasi və hüququ (əsasən, müqavilə ilə bağlı) vəziyyəti ilə əlaqədar məlumatları tədqiqata cəlb etmişdir.
Müəllif :
Eldar Qocayev - hüquq üzrə fəlsəfə doktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2021
Təqdim olunan məqalədə demokratik hüquqi dövlət şəraitində vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının qarşılıqlı fəaliyyəti konsepsiyası, onların qarşılıqlı fəaliyyəti, hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu və iştirakı təhlil edilir. Hakimiyyətin həyata keçirilməsinin nəzəriyyəsi və praktikası ilə bağlı məsələlərin hərtərəfli tədqiqi, onun cəmiyyətlə qarşılıqlı əlaqəsinin xüsusiyyətlərinin öyrənilməsi məsuliyyətli vətəndaşlığın formalaşmasına kömək edir, bunsuz hüquqi dövlət və vətəndaş cəmiyyətini yaratmaq mümkün deyil. Hakimiyyət bölgüsü nəzəriyyəsinin öyrənilməsi prosesində dövlət-hakimiyyət münasibətlərinin tənzimlənməsində hüququn rolunu göstərmək vacibdir. Bütövlükdə vətəndaş cəmiyyətinin işinin konstruktivliyi və səmərəliliyi vətəndaş cəmiyyəti subyektlərinin fəaliyyətinin tənzimlənməsinin konstitusiya-hüquqi mexanizminin səmərəliliyindən, bu subyektlərin dövlət orqanları ilə qarşılıqlı əlaqə mexanizmindən asılıdır. Məqalədə Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti və dövlətin qarşılıqlı əlaqəsinin konstitusiya və hüquqi aspektləri araşdırılır ki, bu da həm vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarına, həm də dövlət orqanlarının vətəndaş cəmiyyəti institutlarına təsir formalarını əhatə edir.
Müəllif :
Mehriban Babaxanova - hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti
Nəşr tarixi : 2021
Məqalədə müasir konstitutsiyanın oxşarı kimi Spartada Likurqun, Afinada Solonun, Romada Serviy Tulliyin qanunları və bu qanunlar nəticəsində aparılan köklü islahatlar nəticəsində Spartada aristokratik dövlətin, Afinada quldarlıq demokratiyasının, Romada aristokratik respublikanın yaranması tarixi aspektdə baxılır; XVII-XVIII əsrlərdə meydana gəlmiş müasir - ABŞ və Avropada (Polşa, Fransada) Konstitusiyları təhlil edilir. Məqalədə həmçinin Konstitusiyanın xarakterik xüsusiyyətləri, Konstitutsiyanın dəyişdirilməsini şərtləndirən səbəbləri, hüquqi və faktiki konstitusiyaların qarşılıqlı təsir prosesində siyasi və sosial iqtisadi reallığı uyğun Azərbaycan Respublikasının Yeni Konstitusiyasının (1995) qəbul edilməsi göstərilir.
Müəllif :
Əli Rzayev - hüquq elmləri doktoru, professor, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi
Nəşr tarixi : 2021
Məqalədə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti, İkinci Qarabağ müharibəsi və aparıcı dünya mediasının fəaliyyəti təhlil edilir. Göstərilir ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı bütün dünyanın bildiyi həqiqət olsa da, münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələndi. ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konfliktinin 2020-ci il 27 sentyabr tarixində növbəti mərhələsinə qədəm qoymasından, qeyd edilən tarixdə Ermənistan silahlı qüvvələrinin hücumunun tərəflər arasında irimiqyaslı hərbi əməliyyatların başlaması ilə nəticələnməsindən, 44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasından bəhs edilir. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın nəhəng media korporasiyalarına müsahibələri, Qərb mətbuatı və Rusiya kütləvi informasiya vasitələrinin əsasən birtərəfli mövqe nümayiş etdirmələri, müharibə ilə bağlı məlumatlarında jurnalistikanın prinsip və funksiyalarına əməl etməmələri təhlil edilir. Məqalədə habelə müharibə başlayan gündən obyektiv və həqiqətə söykənən mövqeyi ilə ölkəmizə tam və birmənalı informasiya dəstəyi verən Türkiyə mətbuatının, “Al-Jazeera” beynəlxalq telekompaniyasının ərəb xidmətinin məlumatları da nəzərdən keçirilir.
Müəllif :
Pərvanə İbrahimova - siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Nəşr tarixi : 2021
Məqalədə insan hüquqlarının müdafiəsi və yaxşı idarəetmə hüququnun qarşılıqlı əlaqəsi problemi hüquq ədəbiyyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Bu zaman bu istiqamətdə bir sıra beynəlxalq sənədlərə müraciət edilir. Ancaq əsas təhlil Avropa İttifaqı çərçivəsində qəbul edilmiş sənədlər üzərində aparılır. Qeyd edilir ki, Avropa İttifaqı üçün insan hüquqlarının müdafiəsi konsepsiyası ittifaq çərçivəsində inteqrasiyanın dərinləşməsi ilə paralel olaraq tədricən formalaşmışdır. Uzun müddət İttifaqın institutları təşkilatın daxilində olan proseslərə insan hüquqlarının müdafiəsinə dair standartlarının tətbiq edilə bilməsini inkar edirdi. Beləcə, İttifaqın əksər üzv-dövlətlərinin vətəndaşları ildən ilə güclənən dövlətüstü təşkilatın hüquq müdafiə mexanizmindən kənarda idi. İttifaqın institutları üzv-dövlətlər üçün məcburi xarakterli qərarlar verir, bu isə bəzi hallarda həmin dövlətlərin Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə, konkret olaraq İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına ziddiyyət təşkil edirdi. Belə olan halda dövlətlər İttifaqın hüququnun milli hüquq üzərində üstünlüyünü inkar edən qərarlar qəbul etməyə başlayırdı. Son illər isə Avropa İttifaqı insan hüquqlarının müdafiəsi sferasında fəaliyyətə böyük diqqət ayırır, bu məsələ İttifaqın son təsis aktlarında da öz təsbitini tapmışdır.
Müəllif :
Ləman Abbaslı - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
İnkişaf hüququ ilə bağlı hüquq ədəbiyyatlarında fərqli mövqelərə də rast gəlmək mümkündür, belə ki, bəzi müəlliflərin fikrincə, inkişaf hüququ sahibkarlıq fəaliyyətinə hüquq, mal istehsalçılarının müstəqilliyi, mülkiyyət formalarının azad rəqabəti, dövlət orqanlarının formalaşmasının demokratik nizamı, referendumlarda iştirak hüququ, kütləvi informasiya vasitələrlərinin azadlığı və informasiya azadlığını əhatə edir. Belə hesab etmək olar ki, qeyd edilən yanaşma, birincisi, əsassız şəkildə inkişaf hüququnu azad sahibkarlığın və siyasi hüquqlara hörmətə şamil edir və ikincisi, xalqın öz müqəddəratını təyin etmək hüququnun daxili aspekti inkişaf hüququnun məzmununa əsassız olaraq daxil edilir. Bu səbəblərdən qeyd edilən fikirlə razılaşmaq mübahisə doğurur.
Müəllif :
Xətai Hətəmov - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Məqalədə neft ixrac edən bir sıra ölkələrin neft hasilatı və ixracı sahəsində dövlətdaxili qanunvericilik praktikası və əməkdaşlıq təcrübəsi geniş təhlil edilir. Qeyd edilir ki, dövlətlər arasında neft hüquq münasibətlərini tənzim edən neft hüququnda, eləcə də OPEK-in neftin hasilat kvotaları üzrə fəaliyyətində əsas müəyyənedici prinsip məhz dövlətlərin öz əraziləri üzərində suverenliyi prinsipi çıxış edir. Bu mənada lazımi hüquqi bazanın mövcudluğu, o cümlədən müvafiq qanunvericilik sisteminin qəbul edilməsi bu təbii ehtiyatlardan səmərəli və ağlabatan şəkildə istifadənin zəruri şərtidir. Müəllif belə bir nəticəyə gəlir ki, əksər neft ixracatçı-dövlətləri xarici neft şirkətlərinin ölkə ərazisində normal fəaliyyət göstərməsi, o cümlədən bu sahədə digər dövlətlərlə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi üçün kifayət qədər müfəssəl qanunvericilik aktları qəbul etmişlər.
Müəllif :
Anar Pənahov - Bakı Dövləti Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dissertantı
Nəşr tarixi : 2021
Beynəlxalq investisiya hüququ dövlətlərarası müqavilə qaydasında hüquqi cəhətdən bərkidilmiş hüquq normalarının, qaydaların məcmusu kimi çıxış edir. Bu aspekt dövlətlərin və beynəlxalq hüququn başqa subyektləri arasında ictimai münasibətlərin bütün kompleksini nizama salır. Beynəlxalq dövlətlərarası çoxtərəfli və ikitərəfli münasibətlər beynəlxalq investisiya hüququnun predmetidir. Beynəlxalq investisiya hüququnun məqsədi beynəlxalq xarakterli investisiya fəaliyyəti iştirakçılarının hüquqi münasibətlərinin hərtərəfli tənzimlənməsidir. İştirakçılar dedikdə, dövlətlər, beynəlxalq hökumətlərarası təşkilatlar, investorlar nəzərdə tutulur.
Müəllif :
Malik Ramazanzadə - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2021