E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Ləyaqətli qayıdış prinsipi

Ləyaqətli qayıdış prinsipi – qaçqınların və məcburi köçkünlərin öz doğma yerlərinə könüllü, təhlükəsiz və insan ləyaqətinə uyğun şəkildə geri qayıtmaq hüququnu ifadə edən beynəlxalq hüququn prinsipi. Beynəlxalq hüquqda bu prinsip bir sıra fundamental sənədlərdə öz əksini tapmışdır.  Belə ki, BMT-nin  Ümumdünya İnsan Hüquqları Bəyan­naməsi”nin 13-cü mad­­dəsinin 2-ci bəndinə əsasən, “hər kəsin öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ vardır”. Həmçinin,  “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 12-ci maddə­sinin 4-cü bəndinə görə, “heç kəs öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməz”. BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasında “ləyaqətli qayıdış” termini birbaşa işlədilməsə də, könüllü repatriasiya beynəlxalq müdafiə mexanizmlərinin əsas həll yollarından biri kimi qəbul edilir.

Beynəlxalq praktikada könüllü repatriasiya aşağıdakı meyarlara əsaslanır:

-qayıdış tam könüllü olmalıdır;

-qərar qaçqının azad və məlumatlı iradəsinə əsaslanmalıdır;

-qayıdış təhlükəsiz  (fiziki, maddi və hüquqi  təhlükəsizlik) və ləyaqətli şəkildə həyata keçirilməlidir;

-beynəlxalq təşkilatların monitorinq və dəstəyi.

Bu prinsip beynəlxalq humanitar və insan hüquqları normalarından irəli gələrək, məcburi köçkünlərin öz doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri dön­məsini nəzərdə tutur və bu baxımdan Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış siyasətinin hüquqi-normativ əsasını təşkil edən fundamental konseptual çərçivə kimi çıxış edir.

Ləyaqətli həyat hüququ (Vida Digna)

Ləyaqətli həyat hüququ (Vida Digna) – insanın doğulduğu andan etibarən cəmiyyətdə şəxsiyyət kimi tanınmasını, onun mənəvi və əxlaqi dəyərlərinə hörmət göstərilməsini, habelə ədalətli və bərabər imkanlar daxilində iqtisadi və sosial təminatlara çıxış hüququna uyğun yaşamaq haqqını ifadə edir.

Ləyaqətli həyat hüququ insan haqları hüququnun əsas təməl prinsiplərindən biri hesab edilməklə insanın şəxsiyyətini və toxunulmazlığını əhatə edir. Azərbaycan Respublikasında insan ləyaqəti qorunur və ona hörmət edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən müdafiəsi və onun alçaldılmasının yolverilməzliyi Konstitusiya ilə təmin edilir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində hər bir insana xas olan ləyaqətli həyata sahib olmaq haqqı, bütün insanların öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulduqları ehtiva edilməklə, insanın əsas hüquqlarına aid olan insan şəxsiyyətinin ləyaqətinə və dəyərliliyinə hörmət edilməsi və onların təmin edilməsinin bütün bəşəriyyətə aid olduğu qeyd edilmişdir.

İnsan hüquqlarının təmin edilməsində dövlətlərin konvension öhdəliklərinə aid olan ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq öhdəliyi insanın hər bir şəraitdə ləyaqətinə hörmət olunmasının vacibliyini göstərir.

Həyat hüququnun əsas xarakteri yalnız hər bir insanın həyatının özbaşına olaraq əlindən alınmaması hüququnu deyil, həm də onun ləyaqətli həyatı (vida digna) təmin edən şərtlərə çıxış imkanından məhrum edilməməsi hüququnu əhatə edir. Dövlətlər bu cür şərtlərin yaradılmasını təmin etmək öhdəliyi daşıyırlar.

Amerikalararası İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, həyat hüququ yalnız mülki və siyasi hüquqdan ibarət deyil, həm də fərdin ləyaqətli mövcudluğa malik olması üçün zəruri olan iqtisadi və sosial hüquqları da əhatə edir. Məhkəmənin “ləyaqətli həyat” hüququ ilə bağlı konsepsiyası dövlətin insan şəxsiyyətinin ləyaqəti ilə uzlaşan ən azı “minimum yaşayış şəraiti”ni təmin edən həyat şəraitinin yaradılması öhdəliyini nəzərdə tutur. Məhkəmə aydınlaşdırmışdır ki, “dövlət ləyaqətli həyat hüququnun həyata keçirilməsinə yönəlmiş müsbət və konkret tədbirlər görmək vəzifəsini daşıyır, xüsusilə də həssas vəziyyətdə olan və risk altında yaşayan şəxslər üçün, onlara qayğı göstərilməsi yüksək prioritet təşkil edir”.

 


Top