E-lüğət

E-lüğət – hüquqi terminlərin izahı. İstifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanışlıq imkanı verən bazadır.

 

A B C Ç D E Ə F G Ğ H X I İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Zəruri müdafiə (hüququ)

Zəruri müdafiə (hüququ) dedikdə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmaması başa düşülür.

Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Zəruri müdafiə vətəndaşın subyektiv hüququdur, lakin onun hüquqi vəzifəsi deyildir. Ona görə də müdafiədən imtina etmə mənəvi cəhətdən pislənilsə də, cinayət məsuliyyətinə səbəb ola bilməz. Lakin bir qisim şəxslər üçün dövlətin mənafeyini, ictimai mənafeyi, habelə başqalarının mənafeyini kriminal qəsdən müdafiə etmək qulluq mövqeyindən irəli gələn hüquqi vəzifə hesab edilir ki, belə vəzifənin yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb ola bilər.

Zəruri müdafiə - AR Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqlarından biridir. Həmçinin, zəruri müdafiə AR Cinayət Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuşdur. Zəruri müdafiə hüququ həm dövlətlərin suverenliyi, həm də fərdlərin fundamental insan hüquqları kontekstində müxtəlif beynəlxalq sənədlərdə təsbit olunub. Bu sənədləri iki əsas kateqoriyaya bölmək olar: fərdi özünümüdafiə (insan hüquqları) və dövlətlərin özünümüdafiəsi. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (İHAK) 2-ci maddəsində (Yaşamaq hüququ) zəruri müdafiə dolayısı ilə tənzimlənir. Maddəyə əsasən, şəxsin qanunsuz zorakılıqdan qorunması üçün tətbiq edilən güc "mütləq zərurət" təşkil edirsə və nəticədə ölüm baş verirsə, bu, yaşamaq hüququnun pozulması hesab edilmir. Avropa Məhkəməsinin təcrübəsində bu, fərdi zəruri müdafiənin beynəlxalq hüquqi əsası kimi çıxış edir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, Beynəlxalq cinayət hüququ müstəvisində zəruri müdafiə 31-ci maddədə ("Cinayət məsuliyyətini istisna edən əsaslar") birbaşa göstərilib: Şəxs özünü, başqasını və ya müəyyən hallarda (müharibə cinayətləri zamanı) hərbi əhəmiyyətli mülkiyyəti qorumaq üçün ağlabatan və mütənasib hərəkət edibsə, o, cinayət məsuliyyətinə cəlb olunmur. Sənəddə müdafiənin hücumun ağırlığına uyğun (mütənasib) olması xüsusi vurğulanır. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsi yaşamaq hüququnu qoruyur. Bu maddənin ruhuna uğun olaraq, yaşamaq hüququnun "özbaşına" pozulmaması tələbi şəxsə öz həyatını qanunsuz hücumlardan qorumaq (zəruri müdafiə) imkanı verir. BMT Nizamnaməsinin (Dövlət səviyyəsində) 51-ci maddəsinə əsasən, hər bir dövlətin silahlı hücuma məruz qaldığı təqdirdə "təbii özünümüdafiə hüququnu" (inherent right of self-defence) tanıyır. BMT Təhlükəsizlik Şurası lazımi tədbirlər görənə qədər bu hüquq qüvvədə qalır. Beynəlxalq Humanitar Hüquq - 1949-cu il Cenevrə Konvensiyalarına və onlara 1977-ci il tarixli Əlavə Protokollara uyğun olaraq, müharibə qanunlarında da zəruri müdafiə anlayışı mövcuddur. Tibbi personalın və ya mülki şəxslərin özlərini və ya himayələrində olanları qorumaq üçün silah tətbiq etməsi müəyyən şərtlər daxilində (müdafiə xarakteri daşıdıqda) onların xüsusi statusunu itirməsinə səbəb olmur.

Beynəlxalq sənədlərdə zəruri müdafiənin tətbiqi zamanı həmişə iki əsas prinsip -  mütənasiblik (proportionality) və zərurət (necessity) ön plana çəkilir. Azərbaycan qanunvericiliyi də bu prinsipləri beynəlxalq standartlara uyğun olaraq özündə əks etdirir.

 

 


Top