Məqalədə ICESCO-nun hərbi konfliktlər dövründə mədəni irsin mühafizəsində əsas beynəlxalq təşkilatlardan biri kimi mühüm fəaliyyət istiqamətləri təhlil edilir. Qeyd edilir ki, ICESCO mədəni irsin qorunmasında, xüsusilə hərbi münaqişələr zamanı mühüm beynəlxalq təşkilatlardan biri kimi tanınır. ICESCO üzv dövlətlərin mədəni, elmi və təhsil sahələrində əməkdaşlığını təşviq etmək məqsədilə yaradılmışdır. Təşkilat islam dünyasının mədəni irsini qorumağı öz prioritetlərindən biri kimi müəyyən edib və münaqişələr zamanı bu irsin məhv edilməsinin qarşısını almağa xüsusi diqqət ayırır. Təşkilatın mandatı hərbi konfliktlərdə xüsusilə tarixi və mədəni obyektlərin qorunması, müharibə nəticəsində zərər görmüş irsin bərpası, mədəni obyektlərə qarşı vandalizm və qəsdən məhv etmənin qarşısının alınması təşkil edir. Beləliklə, ICESCO mədəni irsin mühafizəsi üzrə qlobal səylərdə fəal iştirak edir və hərbi münaqişələrdə bu irsin qorunmasını prioritet məsələlərdən biri hesab edir. Təşkilatın bu sahədəki fəaliyyəti həm üzv dövlətlərə zəruri hüquqi və texniki dəstək, həm də beynəlxalq ictimaiyyətin diqqətini mədəni irsin mühafizəsinə yönəltmək baxımından olduqca əhəmiyyətlidir.
Müəllif :
Leyla Həşimova
Nəşr tarixi : 2024
Rəqəmsallaşma və qloballaşma əmək münasibətlərini dəyişir, yeni çağırışlar və imkanlar yaradır. Məsafədən iş getdikcə geniş yayılır və bu, işçi heyətinin idarə edilməsində və hüquqi tənzimləmədə çeviklik tələb edir. Qlobal əmək bazarları istedadlar uğrunda rəqabəti artırır və bu da rəqəmsal bacarıqların və mədəniyyətlərarası kompetensiyanın əhəmiyyətini vurğulayır. Avtomatlaşdırma və süni intellektdən istifadə əmək hüquqları ilə bağlı məsələlər ortaya çıxarır. İşəgötürənlər yeni iş formatlarına uyğun korporativ mədəniyyəti uyğunlaşdırmalı və işçilərin rəqəmsal mühitdə psixoloji rifahını nəzərə almalıdırlar. Bu dəyişikliklər əmək qanunvericiliyinin yenidən nəzərdən keçirilməsini və əmək təşkilində innovativ yanaşmaların tətbiqini tələb edir.
Müəllif :
Azər Rəhimov
Nəşr tarixi : 2024
İnformasiya texnologiyalarının inkişafı nəticəsində bu gün dünya hər sahədə sürətli rəqəmsal transformasiyanı yaşayır və virtual mühitlər həyatımıza sirayət etmişdir. Texnologiyanın və xüsusilə virtual media platformalarının inkişafı ilə əlaqədar olaraq insanların şəxsi həyatına qeyri-qanuni müdaxilələrin edilməsi əvvəlkindən daha asan olduğu üçün belə müdaxilə halları günbəgün artmaqdadır. Bu da virtual məkanda şəxsi toxunulmazlıq hüququnun qorunmasına dair tənzimləmələrin dövrün tələbinə uyğunlaşdırılmasını şərtləndirir. Məqalədə virtual məkanda şəxsi toxunulmazlıq hüququnun qorunmasına dair ilkin şərtlər və qaydalar, fərdi məlumatların təhlükəsizliyinin təminatı üzrə tədbirlər təhlil edilmiş, bu sahədə təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Elnur Hümbətov
Nəşr tarixi : 2024
Vergi, ödəyicilərin xərcləyə biləcəyi gəlirlərində və xərcləmələrində azalmalara səbəb olmaqla onların qənaət edə bilmə imkanlarını azaldır. Odur ki, bir nəsnə olaraq vergi, inkişaf səviyyəsindən asılı olmayaraq heç bir cəmiyyətdə müsbət qarşılanmır. İqtisadiyyat və hüquq elmində formalaşmış hakim mövqe bundan ibarətdir ki, ödəyicilər vergini yalnız qanunu pozmaqdan və dolayısı ilə məsuliyyətə cəlb olunma qorxusundan ödəyirlər. Beləliklə də, hüquq normalarında tapa bildikləri ən kiçik boşluqdan istifadə etməklə qanuni və qanunazidd yollarla vergidən yayınırlar. Dövlətlər vergi siyasətini həyata keçirərkən vergi ödəyiciləri könüllü vergi ödəməyə sövq etməyə çalışırlar. Könüllü vergi ödəməyə gəlir səviyyəsi və vergi dərəcələri, sosial və demoqrafik amillər, cərimələr, audit ehtimalı, vergi yoxlamaları, subyektiv və obyektiv tədbirlər, maliyyə məsləhətçilərinin və ya vergi məsləhətçilərinin təsiri, mənəvi və sosial dinamika, vergi ödəmələrinin mürəkkəbliyi kimi amillər təsir edir. Könüllü vergi ödəməsinə təsir edən mühüm amillərdən biri də vergi əxlaqı institutudur. Vergi əxlaqı vergiləri ödəmək üçün daxili motivasiya kimi müəyyən edilir və bir çox sosial və psixoloji amillərdən təsirlənir. Bu məqalədə vergi əxlaqı anlayışı üzərində dayanılır və vergi əxlaqı ilə bağlı sosial və psixoloji elementlər ətraflı şəkildə araşdırılır. Bu kontekstdə sosial normalar, təqsir və utanc hissi, vəzifə və qorxu hissi, vergi ödəyicilərinin daxili motivasiyası və ədalət qavrayışı, vergi ödəyicisi ilə dövlət orqanı arasındakı münasibət kimi sosial-psixoloji elementlər vergi əxlaqı ilə bağlı izah edilir.
Müəllif :
Əsmər Əliyeva
Nəşr tarixi : 2024
В статье анализируются отдельные вопросы обеспечения принципа климатической справедливости. Формирование принципа климатической справедливости рассматривается через призму общей деятельности международных и региональных организаций, а также действующих в рамках этих организаций международных и внутригосударственных судебных институций. Подвергаются анализу решению судов с точки зрения утверждения принципа ответственности государств за изменение климата. Отмечается неизбежность ужесточения обязательств государств в отношении изменения климата и нормативного его утверждения. Определяется особая роль неправительственных организаций в деле формирования принципа климатической справедливости.
Müəllif :
Turqay Hüseynov
Nəşr tarixi : 2024
İnsanın əsas hüquqlarından hesab edilən layiqli həyat hüququnun təmin edilməsi müasir dövrdə dünya ictimaiyyəti və ayrı-ayrı dövlətlərin təməl öhdəliklərindən birini təşkil edir. Məhz buna görədir ki, beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər inkişafda olan və ya rifah vəziyyəti nisbətən aşağı olan dövlətlərə yardım edilməsi və onlarla əlaqələrin qurulması sahəsində təşviqat prosesinin aparılmasının tərəfdarları kimi çıxış edirlər. Bu təşviqat prosesində ən başlıca məsələlərdən biri isə onun müqavilə əsasının mövcud olmasıdır. Yalnız bundan sonra beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər müvafiq təşkilati mexanizmlər vasitəsilə müəyyən proqram və tədbirlər planı həyata keçirə bilirlər. Məqalədə müəllif tərəfindən layiqli həyat hüquqları istiqamətində həyata keçirilən beynəlxalq əməkdaşlığın forma və istiqamətləri araşdırılmış, bu məsələni özündə ehtiva edən beynəlxalq aktlar təhlil edilmiş, müəyyən təklif və tövsiyələr irəli sürülmüşdür. Həmçinin müəllif beynəlxalq əlaqələrin realizəsini Sosial Müdafiə Mərtəbəsi kontekstindən təhlil edilərək ərazidənkənar öhdəliklər termininin üçüncü dövlət öhdəlikləri termini ilə əvəzlənməsi ideyasını müdafiə etmişdir.
Müəllif :
Mələkxanım Rəhimova
Nəşr tarixi : 2024
Məqalədə dondurulmuş embrionların hüquqi statusu və onunla əlaqəli hüquq təcrübəsinin tətbiqi ilə bağlı münasibətlər ətraflı və qarşılıqlı şəkildə araşdırılmışdır. Daha sonra dondurulmuş embrionun hüquqi statusu ilə bağlı dövlətlərin qanunvericiliklərindəki müddəalar, o cümlədən , müxtəlif müəlliflərin hüquqi tənzimlənmə barəsində fikirləri, elmi və praktiki bazanın təkmilləşdirilməsi ilə bağlı nüanslar qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası qanunvericiliyində bu məsələyə münasibət, mövcud boşluqların xarici ölkələrin hüquq praktikası ilə müqayisəsi, digər qanunvericiliklərdəki faktlar, dondurulmuş embrionun hüquqi statusu - vərəsə yoxsa mülkiyyət olması ilə bağlı arqumentlər öz əksini tapmışdır.
Müəllif :
Xanımana Qafarova
Nəşr tarixi : 2024
Məqalədə səhiyyə sahəsində beynəlxalq hüquq normalarının milli hüquqi implementasiyasının prinsiplərindən bəhs olunur. Burada prinsiplərin səhiyyə sahəsində beynəlxalq hüquq normları ilə milli qanunvericiliyin uzlaşdırılmasına xidmət etməsi göstərilir. Bu prosesdə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinin rolu müəyyən edilir. Uzlaşmanın olması üçün beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul edilməsinin zəruriliyi vurğulanır. Bunun isə milli hüquq sisteminin ümumi qaydasının pozulmaması şərti ilə mümkün olması qeyd olunur.
Müəllif :
Fatimə Hüseynova
Nəşr tarixi : 2024
Müasir dünyada texnologiya və dövlət arasındakı qarşılıqlı əlaqəni öyrənmək, diqqəti demokratikləşdirmə potensialına yönəltmək təkcə akademik deyil, həm də praqmatik baxımdan aktualdır. Çünki virtuallaşmanın geniş vüsət aldığı və yeni texnologiyaların insanlar üçün təqdim etdiyi imkanların artdığı bir dönəmdə dövlətin bu proseslərdən kənarda qalması və elektronlaşmaması qeyri-mümkündür. Eyni zamanda, dövlət xidmətlərinin göstərilməsi üçün yeni rəqəmsal vasitələr fərqli tənzimləmə tələb edir, çünki onlar sürətli və uğursuzluq halında hüquqlara potensial ziyan vurur. Bu mənada, elektron hökumət sistemlərinin demokratikləşməyə gətirə biləcəyi əsas risklər, imkanlar və onun tənzimlənməsi üçün vacib parametrlər insan hüquq və azadlıqlarının təminatı aspektindən xüsusi diqqət yetirilməli olan məsələlərdir. E-idarəetmə insan hüquq və azadlıqlarının rəqəmsal dövrdə yeni formada təminatı üçün xüsusi əhəmiyyətə malikdir. Çünki belə idarəetmənin əsas elementi olan şəffaflıq və hesabatlılıq nəticəsində dövlət orqanları anlayırlar ki, onların məlumatlarına hər kəs onlayn baxa bilər və nəticədə ictimaiyyət qarşısında hesabatlı olmaq lazımdır. Şəffaflıq və hesabatlılıq demokratik dövlətlər üçün əsas elementlər hesab oluna bilər ki, bu da elektron idarəetmə ilə gücləndirilə bilər. Açıqlıq və şəffaflıq sayəsində müdafiə olunan e-idarəçilik də şəxsi təmas səviyyəsinin azalması səbəbindən ictimai prosedurlarda korrupsiyanın azaldılması imkanını təqdim edir. Məqalədə qeyd olunan məqamların təhlili iki istiqamətdə aparılmışdır: doktrinal təhlillərə istinad və təcrübənin tədqiqi. Hər iki istiqamətdə aparılmış tədqiqat nəticəsində təklif və tövsiyələr təqdim edilmişdir.
Müəllif :
Elnur Hümbətov
Nəşr tarixi : 2024
Azərbaycan Respublikası Konstitusiyası milli qanunvericilik sisteminin əsasını təşkil edir. Bütün hüquq sahələrində olduğu kimi, informasiya hüququ üçün də rəhbər müddəalar və ilkin başlanğıclar Konstitusiyada müəyyən olunmuşdur. Lakin informasiya sahəsində hüquq və azadlıqların realizə formalarının müasir dövrün tələbindən irəli gələrək, dəyişməsi bir çox konstitusion normalara yenidən nəzər salınmasını zəruri edir. Təqdim etdiyimiz məqalədə Azərbaycan Respublikası Konstitusiyasının aşağıdakı maddələri təhlil olunaraq təklif və tövsiyələr təqdim olunacaqdır: məlumat azadlığı (ARK-nın 50-ci maddəsi); fikir və söz azadlığı (ARK-nın 47-ci maddəsi); insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (ARK-nın 71-ci maddəsi).
Müəllif :
Gülnaz Rzayeva
Nəşr tarixi : 2024