Bu tədqiqat işində cinayət davranışının proqnozlaşdırılması problemi psixoloji xarakteristikalar əsasında və qeyri-səlis məntiq metodologiyası çərçivəsində təhlil edilmişdir. İşdə cinayətkarlıq yalnız hüquqi hadisə kimi deyil, sosial, psixoloji və bioloji determinantların qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb davranış sistemi kimi nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, cinayət riskinin qiymətləndirilməsi sadə səbəb-nəticə əlaqələri ilə deyil, çoxfaktorlu və qeyri-müəyyən sistemlərin kompleks təhlili ilə mümkündür. Tədqiqatın əsas məqsədi fərdin psixoloji xüsusiyyətləri əsasında cinayət davra-nışının baş vermə ehtimalını nəzəri və metodoloji baxımdan əsaslandırmaq, cinayətə təhrik edən və cinayətdən çəkindirən psixoloji amilləri sistemləşdirmək, həmçinin qeyrisəlis məntiq əsasında riskin qiymətləndirilməsini təsvir etməkdən ibarətdir. İşdə cinayət davranışının determinasiya problemi, proqnozlaşdırmanın çətinlikləri və xaotik sistemlərdə nizamın aşkarlanması məsələləri araşdırılmışdır. Psixoloji risk amilləri davranış tarixçəsi, emosional-affektiv xüsusiyyətlər, koqnitiv və qərarvermə mexanizmləri, şəxsiyyət strukturu, iradə və özünənəzarət, dəyər-motivasiya sistemi və sosial-psixoloji bacarıqlar üzrə təsnif edilmişdir. Eyni zamanda, cinayət davranışından çəkindirən psixoloji qoruyucu amillər ayrıca sistemləşdirilərək riskin hesablanmasında onların nəzərə alınmasının zəruriliyi əsaslandırılmışdır. Tədqiqatın tətbiqi hissəsində qeyri-səlis modelləşdirmə mərhələli şəkildə izah edilmiş, psixoloji dəyişənlərin [0;1] intervalında qiymətləndirilməsi, üçbucaq üzvlük funksiyalarının qurulması, “əgər–onda” qaydaları əsasında Mamdani tipli inferens mexanizminin tətbiqi və defuzzifikasiya mərhələsi göstərilmişdir.
Qiymətləndir